Arkaim

Arkaim— Açıq hava muzeyi, qədim yaşayış məskəni. Rusiya Federasiyasının Çelyabinsk vilayətində e.ə. 20–18 (başqa məlumatlara əsasən e.ə. 18–16) əsrlərə aid yaşayış məskəni. Böyük Karaqanka və Utyaqanka çayları vadisində yerləşir. 1971 ildə aşkar olunmuş, 1980–90 illərdə tədqiq edilmişdir. İki dairəvi torpaq sədlə əhatələnmiş yaşayış məskəninin dünya cəhətlərinə istiqamətlənmiş dörd keçidi vardır. Evlər iç-içə iki dairəvi cərgədə yerləşir, cərgələrin arasından isə taxta döşənmiş dairəvi yol keçir. Yolun altında suaşıran quyuları olan yağış suları kanalizasiyasının xəndəyi aşkar edilmişdir. Arkaimin mərkəzində diametri təqribən 25 m olan boş meydança var. Sədlərin daxilində dar dəhlizlər, taxçalar və evlərə keçidlər, yerüstü karkas konstruksiyalı, ümumi uzun divarı olan evlərin içərisində ocaqlar, sobalar, təsərrüfat quyuları və zirzəmilər, metallurgiya istehsalının qalıqları aşkar olunmuşdur. Arkaimdən 1–1,5 km şimal-şərqdə Böyük Karaqanka məzarlığı yerləşir. Dərinliyi 3,5 m olan qəbir çalaları taxta döşənəkli kameralardan (üç mərtəbəyədək) ibarətdir. Skeletlər Avropa irqinə mənsubdur. Qəbirlərdən saxsı qablar, taxta camlar, mis və tunc bıçaqlar, nizə və ox ucluqları və s. tapılmışdır. Tunc dövrünə aid kurqanların yaxınlığında sarmat mədəniyyətinin son dövrünə aid kurqanlar da yerləşir. 1991 ildə “Arkaim” təbii-landşaft və tarixi-arxeoloji mərkəzi yaradılmışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy