Assosiasiya

Assosiasiya (ing. Association) — ümumi məqsədlərə nail olmaq üçün təşkilatların və ya ayrı-ayrı şəxslərin birgə fəaliyyətini əlaqələndirən birlik forması[1]; digər mənaları isə: 1)cəmiyyət, birlik, ittifaq; 2)kimyada molekulların və ya maddənin iki qat, üç qat və i.a. olaraq birləşməsi; 3)fiziki və ya hüquqi şəxslərin qarşılıqlı əməkdaşlıq məqsədilə könüllü birləşməsi; 4)şirkətlər, ittifaqlar; 5)psixologiyada: psixi proseslərin nisbətən davamlı rabitəsi. Müəyyən əlaqə və münasibətdə olan cismin və hadisələrin əks etdirilməsi onlar haqqındakı fikir və təsəvvürlərin əlaqələndirilməsinə səbəb olur. Sonralar cismin biri təsir etdikdə digərləri də yada düşür. Əlaqəli fikir və hadisələr də belədir. Müasir anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar mənasında işlədilir.

Assosiasiyalar cəmiyyətin bütün institusional sahələrində (sənətkarlar gildiyaları, sənayeçilər ittifaqları, həmkarlar ittifaqları, siyasi partiya və bloklar, ictimai, elmi və dini birliklər, idman klubları, həvəskarların cəmiyyətləri və s.) yayılmışdır. Assosiasiyaların açılması və fəaliyyəti müvafiq hüquqi normalarla nizamlanır. Zaman keçdikcə Assosiasiyalar öz məqsədlərini və onlara çatma vasitələrini dəyişə bilər. Sosial institutlardan fərqli olaraq, Assosiasiya vətəndaş cəmiyyətinin institutu kimi, dövlətdən nisbi muxtariyyətə malikdir.

Assosiasiyaların saylarının artması müasir tipli cəmiyyətlərin fərqləndirici cəhətidir. Assosiasiyaların nüfuz və fəallıq dərəcəsi vətəndaş cəmiyyətinin inkişaf göstəricisidir. Plyuralist demokratiya modeli vətəndaşların müxtəlif sosial maraqlarını ifadə edən və onların hüquqlarını dövlət qarşısında fəal surətdə qoruyan Assosiasiyaların, inkişaf ideyası üzərində qurulur. Assosiasiyalar şəbəkəsi dövlət hakimiyyətinin qarşısını almaq mexanizmidir.

  1. "Azərbaycan dilinin izahlı lüğəti". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy