Kometa

Komet
Halley kometi, 1910

Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri.

Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir. Mürəkkəb kimyəvi tərkibə malik donmuş qazlardan, buzdan, toz və daha iri fraqmentlər şəklində olan, gecəriyən mineral maddələrdən ibarət olan bu özünəməxsus səma cisimlərini kosmik aysberqlər də adlandırırlar. Hər il təqribən 25–30 yeni kometa kəşf olunur, 2–3 ildən bir isə Yerin və Günəşin yaxınlığından kifayət qədər iri quyruğa malik olan bir neçə parlaq kometa keçir. Kometalar təkçə astronomları deyil, digər elm sahələrindən olan alimləri də, fizikləri, kimyaçıları, bioloqları, tarixçiləri və s. maraqlandırır. Bir çox alimlər belə hesab edirlər ki, kometalar Günəş sisteminə daxil olan planetlərin ilkin qaz-toz buludundan sonra qalan özünəməxsus "qalıqlardır". Kometaların səmada hərəkəti ilk dəfə ətraflı şəkildə Edmund Halley tərəfindən tədqiq olunmuşdur. Onun apardığı elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kometalar fokusunda Günəş yerləşən elliptik, parabolik və hiperbolik orbitlər üzrə hərəkət edirlər. O, 24 parlaq kometanın orbitini təyin edir və onların hətəkət orbitlərinin parabola olması fikrini irəli sürməklə ilk kometa kataloqunu tərtib etmişdir. Halley 1531 və 1682-ci illərdə görünən kometaların orbitlərini diqqətlə öyrəndikdən sonra tamamilə düzgün olaraq belə qərara gəlmişdir ki, bunlar eyni kometalardır. Orbitləri çox oxşar olan bu kometalar Günəşin ətrafında 76 illik dövrlə, elliptik orbit boyunca hərəkət edən eyni bir kometanın 1531 və 1682-ci illərdəki qayıdışlarının görüntüləri olmuşdur. Halley bu kometin növbəti qayıdışının 76 il sonra olduğunu əvvəlcədən hesablamışdır. Həqiqətən, 1758-ci ilin dekabr ayında həmin kometa qayıdır – səmada müşahidə olunur. Ona görə də sonradan bu kometaya Halleyin adı verilir və onun dövr periodunun qiyməti daha da dəqiqləşdirilir — 75.5 il. Bəşəriyyətin tarixi boyunca ən məşhur kometa Neptun kometa ailəsinə mənsub olan, ilk dəfə b.e.ə. 467-ci ildə qeydə alınan, 75.5 il dövrlük periodu olan və 32 dəfə müşahidə olunan Halley kometasıdır. Növbəti dəfə 2061-ci ildə müşahidə ediləcəkdir. Komet qruplarının və ailələrinin öyrənilməsi istiqamətində azərbaycan alimi Əyyub Quliyev komleks tədqiqatlar aparmışdır. 

Kometaların hərəkəti
Templey kometası
Qaliley kometasının Yer ətrafında görünməsi, 1066-cı il.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in