Mikroelektronika

Mikroelektronikanın meydana gəlməsi — Yeni tipli tranzistorların yaranması və onların impuls və rəqəm texnikasında tətbiqi, eləcə də kiçik ölçülü hesablama maşınlarının yaradılması, yeni‐yeni kiçik həcmli yarımkeçirici cihazlarının birləşdirilərək elektron qurğularının yaradılmasında istifadə edilməsi elektronikanın yeni sahəsinin – mikroelektronikanın meydana gəlməsinə zəmin yaratdı. Sahə tranzistorlarının ixtira edilməsi kiçik həcmli elektron hesablama maşınlarının (EHM) yaranmasına imkan yaratdı. Onların əsasında aviasiyakosmos texnikasında idarəetmə kabinəsində elektron qurğuları tətbiq edildi. Həmin qurğularda minlərlə müxtəlif növ radio elementləri istifadə olunurdu və onların sayı günbəgün artırdı. Radio elementlərinin sayının artması praktiki çətinliklər törədirdi. Hətta çoxlu sayda olan elementlərin normal işləməsi sual altında idi. Çünki ən təcrübəli ustalar belə, hər 1000 lehimdə bir‐neçə səhv buraxırdılar və buraxılan səhvlər hesabına sxemlərdə elektrik boşalmaları baş verir, sxemlər sıradan çıxırdı. Qüsurların aradan qaldırılması böyük vaxt və zəhmət tələb edirdi. Radioqurğuların etibarlılığı və işə dözümlülüyü problem olaraq qalırdı. Uzun müddətli araşdırmalardan sonra bu problemlərin həlli üçün sxemlərin hissə-hissə hazırlanaraq birləşdirilməsi təklifi meydana çıxdı. Bununla da mikroelektronikanın təməli qoyuldu.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy