Suksessiya

İkinci suksessiya — meşələrin çölləri zəbt etməsi

Suksessiya (lat. succesio- varislik) — mühitin müəyyən hissəsindəki bir fitosenozun digəri ilə ardıcıl əvəz olunması. Suksessiya ilkin və ikincili olur. Qumluqları, qayalıqları tədricən bitki basması ilkin suksessiya, istifadəsiz kənd təsərrüfatı torpaqlarında bitki və heyvanların məskən salması ikincili suksessiyadır. Suksessiya prosesi inkişaf etdikcə növlərin miqdarı çoxalır, maddələr dövranı mürəkkəbləşir, ölü kütlə artır.[1]

Pozulan tarazlığın ekosistem tərəfindən bərpa prosesi mütəşəkkil surətdə müəyyən mərhələlərlə gedir. Ekosistemi tarazlıq halından bir çox üsullarla çıxarmaq olur. Bu adətən yanğın, quraqlıq və ya daşqınlar zamanı baş verir. Belə pozulmalar zamanı tarazlığı yeni ekosistem öz-özünü bərpa edir və bu proses müntəzəm xarakter daşıyır, müxtəlif vəziyyətlərdə təkrar olunur.

Pozulan yerlərdə müəyyən növlər və ümumiyyətlə bütün ekosistem elə surətlə inkişaf edir ki, bu növlərin meydana çıxma qaydası oxşar pozulmalar və oxşar areallar üçün eyni olur. Eyni bir növün digər növlə əvəz olunmasının bu ardıcıllığı ekoloji suksessiyanın mahiyyətini göstərir. Məsələn, vaxtı ilə XVIII əsrdə Yer üzünün bəzi ərazilərində meşələr qırılmış, onların yerində fermalar tikilmişdi, XIX əsrdə bu yerlərin işlənməsi davam etdirilmiş, XX əsrdə isə həmin fermalar dağıdılmış və onların tutduqları ərazilər yenidən meşələrə çevrilmişdir. Vaxt keçdikcə əkin sahələrində bitkilər müəyyən, artıq məlum və ciddi təkrar olunan ardıcıllıqla meydana çıxmağa başlayır. Birinci il birillik alaq otları və tək-tək toxmacar (toxumdan cücərən bitki) ağaclar böyüməyə başladı. Sonrakı bir neçə il ərzində müəyyən növlərin ("pioner növləri" və ya daha elmi dildə deyilərsə, erkən suksessiyalı növlər) məskan salması baş verir ki, onlar da üstünlük təşkil etməyə başlayırlar. Tipik "pioner növləri" — Veysmutov şam ağacıdır. O, çox tez böyüyür və onun toxumları böyük ərazilərdə yayılır. Bir neçə onilliklər müddətində "pioner növləri" qalın meşəliklər əmələ gətirirlər. Sonrakı mərhələ — "pioner növləri"nin kölgəsində yaxşı böyüyən, məsələn, ağcaqayın ağaclarının meydana gəlməsidir. Yarım əsrdən sonra "pioner növləri"nə aid olan ağaclar yetişirlər və sonra da tədricən məhv olmağa başlayırlar. Onların toxumları artıq meşə örtüyü altında böyüyə bilmirlər və ağacların populyasiya tərkibi yavaş böyüyən, təzə — gecikmiş suksessiyalı növlərin əmələ gəlməsi istiqamətinə doğru dəyişirlər. Nəhayət, bütün meşə sahəsi bu növ ağaclarla tutulmuş olur. Belə misallar bir çox ekosistemlərdə müşahidə olunur.

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı: Elm, 2008.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy