Sumaq

Sumaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sumaq (lat. Rhus)[3]sumaqkimilər fəsiləsinə aid bitki cinsi.[4]

Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur.

Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər.

Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur. Meyvələri nəzəri cəlb edən tünd qırmızı və girdədir. Dadı turş və büzüşdürücüdür. Meyvələri qurudulub poroşok halına salındıqdan sonra ət və balıq xörəklərində tamlı qatqı kimi işlədilir. Sumaq ya isti emal zamanı xörəyə qatılır, ya da nəlbəkidə hazır xörəyin yanına qoyulur. Tikəkabab, lüləkabab, qızardılmış ət, ət qutabı yanında süfrəyə verilir. Sumağın turş dadı onun tərkibindəki şərab turşusundan irəli gəlir.

Sumaqda, həmçinin C vitamini, karotin, aşılayıcı və rəngləyici maddələr vardır. Sumağın yarpaqlarında 30-39% aşılayıcı maddə (əsasən tanin) vardır. Ondan texniki və tibbi məqsədlər üçün tanin alırlar. Sumaq bitkisinin bütün hissələrindən rəngləyici maddə kimi istifadə edilir. Ipək və yun parçanı onun yarpaqları qara, qabığı sarı, kökü qəhvəyi, meyvəsi isə qırmızı rəngə boyayır.[5]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 129. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 265.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  5. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy