Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Anarxizm (q.yun. αναρχω – hakimiyyətsizlik) könüllü qurumlara əsaslanan özünü idarə edən cəmiyyətləri müdafiə edən siyasi fəlsəfədir. Bunlar əsasən dövlətsiz cəmiyyətlər olaraq təsvir olunur, lakin bəzi müəlliflərə görə bu qurumlar iyerarxiya olmayan azad birliklərdir. Anarxizm dövlətin arzu olunmaz, lazımsız və zərərli olduğu düşüncəsini əsas götürür. Anarxizm əsas xüsusiyyətlərini özünü dövlətə münasibətdə göstərir. Bu cərəyana özlərini aid edən insanlar üçün dövlət şər mənbəyidir (zülm, müharibələr, repressiyalar, sosial parazitizm) və sosial münasibətlərin radikal şəkildə mükəmməlləşdirilməsinin yolu dövlətin dağıdılmasından və ləğvindən keçir. Anarxistlər siyasi mübarizə vasitəsi olan partiya, təşkilatlar və s. qurumlara neqativ münasibət bəsləyirlər. Anarxistlər "birbaşa təsir" taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş birbaşa kütləvi aksiyalarına, həmçinin "ölümlə təbliğat"a – terrorçuluğa çox ciddi əhəmiyyət verirlər. İndividualist anarxizmə görə, anarxizm siyasi mübarizə səviyyəsinə yüksəlmiş fərdi qiyamdır.
Anarxizmə onun cəmiyyətə təsirini və yayılmasını məhdudlaşdıran bəzi çatışmazlıqlar xasdır; bunlar mövcud ictimai institutlara və dövlətə alternativlər haqqında qeyri-müəyyən və utopik baxışlar, eyni zamanda, həddən artıq fərdiyyətçilik, nizamsızlıq, təşkilati zəifliklərdir. Lakin müasir cəmiyyətdə siyasi və sosial strukturların özündə belə hər zaman anarxik proqram və fəaliyyətləri qəbul edəcək və onlara meyillilik yaradacaq səbəblər və şərtlər mövcuddur; belə ki, həddən artıq bürokratizm bir çox hallarda dövlət əleyhinə əhval-ruhiyyənin geniş yayılmasına səbəb olur. Sosial və siyasi bərabərsizliyin mövcudluğu isə mülkiyyətin yenidən bölüşdürülməsi istəyinin güclənməsinə səbəb olur. İctimai davranışın sərtliyi və cəmiyyətdəki mühafizəkarlıq bir çox insanlar, xüsusilə də gənclər arasında kortəbii etirazlara səbəb olur və fərdi azadlıqlar uğrunda anarxist mübarizə meylini gücləndirir. Anarxizmin əsas ideyası, iyerarxik bir qurumun — dövlət, din, patriarxat quruluş ya da iqtisadi elitalar — lazımsız olmaqdan əlavə daxili olaraq insanın bacarığının maksimallaşdırılmasına bir maneə olduğu fikridir. Anarxistlər ümumiyyətlə insanların özlərini yaradıcılıq, birgə iş və qarşılıqlı hörmət təməllərində idarə edə bilmə bacarığına sahib olduqlarına inanırlar. Gücün daxili olaraq zərər verici olduğuna və iqtidardakıların qaçınılmaz olaraq öz mənfəətləri ilə maraqlandıqlarına və özlərini seçənlərin yaxşılığından çox öz güclərini artırmağı hədəflədiklərinə inanırlar. Anarxistlər ümumiyyətlə əxlaqın fərdi bir məsələ olduğuna və ABŞ konstitusiyası kimi sekulyar qanunlar, ya da dini bir nüfuz tərəfindən diktə edilmiş qanunlar olmasından çox, digər fərdlər və cəmiyyətin yaxşılığı üçün sahib olduqları marağa söykənməsi lazım olduğuna inanırlar. Anarxist fəlsəfələrin çoxunda hər fərdin öz davranışlarından məsul olduğu ifadə edilir. Patriarxal idarə şəklinə əsaslanan idarəçilər, insanları özləri üçün düşünmək və davranmaqdan çəkindirərək, elita zümrənin onların yerinə qərar verdiyi və ehtiyaclarını qarşıladığı bir sistemi diktə edir; bu da insanlığını itirmiş bir sürünü yaradır. Hakimiyyət özünü haqsız yerə, ən fundamental fərdi əxlaqi qərarların alınmasında belə ən son hakim olaraq qəbul edəndə, məsələn nə üçün öldürülə biləcəyi, ya da nə üçün ölməyə dəyər olduğu kimi mövzularda (məcburi əsgərlik və abortda olduğu kimi), insan azadlığı ölçülməz şəkildə məhdudlaşdırılmış olur.
Anarxistlər çox fərqli təzyiq növləri arasındakı əlaqələrin fərqindədirlər (seksizm, irqçilik, heteroseksizm, sinifçilik və milliyyətçi şovinizm kimi) və bu səbəblə də digərlərinin davam etdiyi bir mühitdə ancaq birinə qarşı mübarizədə sıxlaşmanın faydasızlığının da fərqindədirlər. Anarxistlər dünyanı dəyişdirmək üçün istifadə edilən vasitələrin, bacarılması arzulanan nəticələrə uyğun olması lazım olduğuna inanırlar. Anarxistlər rəsmi təşkilatların varlığının lazımlılığı və hələ də mövcud olan dağıdıcı qurumların ancaq şiddət hərəkətləri ilə məhv edilə biləcəyi kimi mövzularda fərqli fikirlərə sahib olmaqla birlikdə, çoxu yalnız mövcud sistemi yıxmağın bir məqsəd olmadığı, yerinə qurulması hədəflənən daha insani və ağıllı yeni bir sistemin yaradılmasının da əhəmiyyətli olduğuna inanırlar.