Armud

Armud
Elmi təsnifat
Beynəlxalq elmi adı

Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir.

Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur. Çiçəkləri ikicinsiyyətli, ağ və ya çəhrayıdır, qalxanvarı çiçək qrupunda 4–15 ədəd çiçək (bəzən tək-tək) yerləşir. Lətli meyvəsi uzunsov, yaxud dəyirmi formadadır, çəkisi 25–300 qr gəlir. Ləti daşlaşmış hüceyrələrdən ibarətdir. Əsasən, avqust–sentyabr aylarında yetişir: Uzunömürlüdür. 4–5 (bəzən 8–10) yaşında meyvə verməyə başlayır. Adi armud və Qafqaz armudu 150–300 il, peyvənd edilmiş armud ağacı isə 50–70 il yaşayır. Avrasiyanın mülayim və subtropik qurşaqlarında 60-adək, Azərbaycanda 11 növü məlumdur. Adi, yaxud becərilən armud (P.communis) və gecyetişən armud (P.serotina) növləri yayılmışdır. Adi armudun yarpaq və meyvəsinin rənginə, ölçüsünə, formasına, çiçəklərinin ləçəyinə, yetişmə vaxtına və s. əlamətlərinə görə bir-birindən fərqlənən 10 minə qədər sortu var. Yay armudu sortlarından Abasbəyi, Vilyams, Klappın sevimlisi; payızlıq sortlardan Bere Bosk, Əhmədqazı, Düşes Anqulem, Jozefina; qış armudu sortlarından Bere Ardanpon, Pass Krassan, Nararmudu, Küre yetişdirilir. Armud sortları üçün ən yaxşı calaqaltı armudun yabanı növləri, heyva, yemişan və quşarmududur. Azərbaycandakı armud sortları, o cümlədən Qafqaz cır armudu da yabanı armud növündən alınmışdır. Quraq dağlıq yerlərdə söyüdyarpaq cır armud (P.passiflora) yaxşı əmələ gəlir. Bu sort da becərilən sortlar üçün yaxşı calaqaltıdır. Becərilən armudun meyvəsi yabanı armuddan iri, şirəli və zərif olur. Armud meyvələrinin tərkibində 76–85% su, 10–11% aşı və pektin maddələri, şəkər, C, B, P vitaminləri, A provitamini var. Təzə və qurudulmuş halda yeyilir; mürəbbə, xoşab, şirə, meyvə şərabı, sərinləşdirici içkilər, püre, cem və s. hazırlanır. Oduncağı möhkəm və qiymətlidir; musiqi alətləri çanağının hazırlanmasında, mebel istehsalında, inşaat işlərində istifadə olunur. Zərər vericilər i: armud meyvəyeyəni, armud uzunburunu, armud ballıcası, armud mişarçısı, armud mənənəsi və s. Xəstəlikləri dəmgil, meyvə çürüməsi, armud mozaikası və s.

Armud ağacının çiçəkləri
  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 214. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 479.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy