Şəhər | |
Belqrad | |
---|---|
serb. Београд, Beograd | |
44°49′ şm. e. 20°28′ ş. u.HGYO | |
Ölkə | Serbiya |
Region | Belqrad |
Mer | Aleksandar Şapiç |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | E.ə. III əsr[1] |
İlk məlumat | III əsr |
Əvvəlki adı | Singidunum |
Sahəsi | 359.96 km² |
Mərkəzin hündürlüyü | 116.75[2] |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 1 116 763 nəfər (2011) |
Sıxlığı | 3241 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +381 11 |
Poçt indeksi | 11000 |
Nəqliyyat kodu | BG |
Digər | |
beograd.rs (serb.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Belqrad (serb. Београд, Beograd, ing. Belgrade, rus. Белград, Belgrad, osman. بلغراد Beliğrad[3]) — Serbiyanın paytaxtı və ən böyük şəhəri. Ortadunay düzənliyində, Sava və Dunay çaylarının birləşməsində yerləşir.[4] 1.2 milyon nəfərdən çox əhalisi ilə Balkan yarımadasında ən böyük şəhərlərindən biri olan bu yaşayış məntəqəsinin adı "Ağ şəhər" mənasını verir.
Belqradın yerləşdiyi ərazi İbtidai icma quruluşu dövründə ən böyük mədəniyyətlərdən biri olan Vinça mədəniyyətinin yarandığı yerdir. Antik dövrdə Trak-Dak qəbiləsi tərəfindən məskunlaşmış ərazi olsa da, e.ə. 279-cu ildə bölgəyə köç edən keltlər buranın adını Singidūn olaraq dəyişdirdi.[5] Roma imperatoru Oktavian Avqustun dövründə işğal edilən bu yaşayış məntəqəsinə artıq II əsrin ortalarında şəhər haqları verilmişdir. 520-ci ildən etibarən buraya slavyan axınları başlamışdır. Strateji mövqeyinə görə antik dövrdə fərqli ordular arasında baş vermiş 115 döyüşə səhnə olmuş və tarix boyunca 44 dəfə yerlə yeksan edilmişdir.[6] Orta əsrlər dövründə müxtəlif illərdə Bizans İmperiyası, Franklar, Birinci Bulqar dövləti, Macarıstan Krallığı və Serb Despotluğu kimi dövlətlərin hakimiyyəti altında idarə olunmuşdur. Şəhər 1521-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth olunmuşdur.[7] Avstriya-Osmanlı müharibələri ərzində əksər hissəsi zərər görmüş və sonradan Habsburqlar sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. 1841-ci ildə Serb inqilabı nəticəsində şəhər Serbiyanın paytaxtı elan edilsə də, şimal hissəsi hələ də Habsburqlar sülaləsinin nəzarəti altında qalmışdı. 1918-ci ildə Avstriya-Macarıstan İmperiyası süqut edənə qədər şəhər iki yerə bölünmüş halda varlığını davam etdirdi. Birləşmiş şəhər 1918-ci ildə yeni yaradılmış Yuqoslaviya dövlətinin paytaxtı elan olundu və 2006-cı ildə ölkə tamamilə dağılana qədər paytaxt olaraq qaldı.
Hazırda xüsusi inzibati statusa sahib olan Belqrad şəhəri Serbiyanın beş statistik regionundan biri hesab olunur.[8] Şəhərin metropolis ərazisi 17 bələdiyyəyə ayrılır ki, onların da hər biri özünə məxsus yerli konseyə sahibdir.[9] Belqrad şəhəri bütün Serbiya ərazisinin 3.6%-ni əhatə etdiyi halda, ölkə əhalisinin təqribən 24%-i burada yaşayır.[10]