Canlı orqanizm daim onu əhatə edən mühitdən qıcıqları qəbul edərək, onlara qarşı müvafiq cavab verir. Bu proses sinir sistemi vasitəsilə həyata keçir. Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Bu toxuma oyanma və oyanmanı nəqletmə qabiliyyətinə malikdir. Oyanmanın sinir sistemində yayılmasına impuls deyilir. Sinir toxuması neyrondan (sinir hüceyrəsi) və neyroqliyadan təşkil olunmuşdur. Neyronlar arasında anatomik rabitə olmadığından, oyanma bir neyrondan digərinə mediator adlanan xüsusi kimyəvi maddələrin ifraz olunduğu sinapslar vasitəsilə ötürülür. Sinir hüceyrələrinin uzun çıxıntıları olan aksonları sinir liflərini əmələ gətirir. Sinir lifləri toplaşaraq sinir dəstələrini, kiçik sinir dəstələri isə böyük sinir dəstələrini, nəhayət bunlar da siniri təşkil edir.
İnsanın vahid sinir sistemi şərti olaraq iki hissəyə bölünür: 1) somatik sinir sistemi, 2) vegetativ sinir sistemi.
Somatik sinir sistemi hərəkət aparatını, daxili orqanlarda olan eninəzolaqlı əzələləri, dərini, ağız və burun boşluğunun selikli qişasını və duyğu orqanlarını innervasiya edir. Vegetativ sinir sistemi isə bütün daxili orqanları (həzm, tənəffüs, sidik-cinsiyyət orqanlarını), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir. Bundan başqa, vegetativ sinir sistemi eninəzolaqlı əzələlərə də liflər verərək onların tonusunu tənzim edir. Vegetativ sinir sistemi öz növbəsində simpatik və parasimpatik sinir sisteminə bölünür. Vegetativ sinir sisteminin sinirləri qarışıq sinirlər olub, eyni sinirin tərkibində həm simpatik, həm də parasimpatik liflər vardır.
Somatik sinir sistemi mərkəzi və periferik (ucqar) sinir sisteminə bölünür. Mərkəzi sinir sisteminə beyin (baş beyni) və onurğa beyni, periferik sinir sisteminə isə 12 cüt kəllə və 31 cüt onurğa beyni sinirləri aiddir.
Mərkəzi sinir sistemi. Baş beyin. Baş beyin kəllə boşluğunda yerləşərək, çəkisi orta hesabla 1360 qram olur.
Qeyd etmək lazımdır ki, zehni inkişaf dərəcəsi ilə beynin çəkisi arasında bilavasitə əlaqə yoxdur.
Baş beyni xaricdən üç qişa — sərt, hörümçək torunabənzər və yumşaq qişa ilə örtülmüşdür. Sərt qişa ikitəbəqəli olub, biri kəllə boşluğunu daxildən örtür, digəri baş beyninin xarici qişasını təşkil edir. Hörümçək torunabənzər qişa nisbətən nazik, şəffaf, qan damarları və sinirlərlə zəif təchiz olunmuşdur. Yumşaq qişa damar və sinir lifləri ilə zəngin olub, baş beyninin qidalanmasında bilavasitə iştirak edir. Baş beyin ağ və boz maddədən təşkil olunmuşdur. Ağ maddə aparıcı yollar əmələ gətirərək, baş beynini onurğa beyni və onun hissələrini bir-biri ilə birləşdirir. Boz maddə onurğa beyninin, uzunsov beyinin və Varolio körpüsünün dərinliyində ayrı-ayrı yığınlar — nüvələr şəklində ağ maddənin içərisində yerləşir, beyincik və böyük beyin yarımkürələrində isə ağ maddənin üzərini örtür.
İnsanın baş beyni üç əsas hissədən — beyin kötüyündən, beyincikdən və beyin yarımkürələrindən təşkil olunmuşdur. Beyin kötüyünə uzunsov beyin, Varolio körpüsü, rombabənzər boğaz, beyin ayaqcıqları, orta və ara beyin daxildir.
Baş beyində 12 cüt kəllə sinirinin, o cümlədən, qoxu, görmə, üçlü eşitmə-müvazinət, üz, azan, dilaltı, dil-udlaq və s. sinirlərin mərkəzləri yerləşir.
onurğa beyni
Onurğa beyni. Onurğa beyni 41-45 sm uzunluğunda olub, öndən arxaya doğru yastılaşmış silindr şəklindədir. O, onurğa kanalında yerləşmişdir. Yuxarı ucu birinci boyun fəqərəsinin yuxarı kənarı bərabərində uzunsov beyinə keçir. Aşağı ucu isə ikinci büzdüm fəqərəsinə qədər enir. Onurğa beyni quruluşca ağ və boz maddədən ibarətdir. Ağ maddə xaricdə, boz maddə isə daxildə yerləşir. En kəsiyində boz maddə qanadları açılmış kəpənək formasında görünür. Onun ön hissəsi ön buynuzları, arxa hissəsi isə arxa buynuzları əmələ gətirir. Döş və bel hissəsində yan buynuzlar da vardır. Ön buynuzlarda hərəki neyronların cismi, arxa buynuzlarda ara neyronlar və yan buynuzlarda simpatik mərkəzlər yerləşir. Onurğa beynindən çıxan və ona daxil olan sinir lifləri ön və arxa kökləri təşkil edir. Fəqərəarası dəlikdə ön və arxa köklər bir-biri ilə birləşərək, 31 cüt qarışıq onurğa beyni sinirlərini əmələ gətirir. Bunlardan 8 cütü boyun, 12 cütü döş, 5 cütü bel, 5 cütü oma və bir cütü büzdüm sinirləridir. Onurğa beynindən ətraflara gedən sinirlər çıxdıqları yerlərdə iki qalınlaşma: boyun qalınlaşması və bel qalınlaşması yaradır. Boyun qalınlaşması nahiyəsində yuxarı ətraflara, bel qalınlaşması nahiyəsində isə aşağı ətraflara gedən sinirlər çıxır. Onurğa beyninin hər bir cüt sinirə müvafiq hissəsi onurğa beyni seqmenti adlanır. Deməli, onurğa beyni 31 seqmentdən ibarətdir.
Onurğa beyni üç qişa ilə örtülmüşdür: sərt, hörümçək torunabənzər və yumşaq qişa. Sərt qişa onu xaricdən örtərək lifli birləşdirici toxumadan əmələ gəlmişdir. Hörümçək torunabənzər qişa damarsız olub, sərt qişanın altında yerləşir. Yumşaq qişa daxildə olub, onurğa beynini xaricdən əhatə edir. Bu qişa qan damarları ilə zəngin olub, onurğa beyninə bitişmişdir.
Onurğa beynindən çıxan 31 cüt sinirin arxa kökləri hissi neyronların aksonlarıdır. Bu neyronların cisimlərinin yığını onurğa beyni düyünlərini əmələ gətirir. Ön köklər hərəki neyronların aksonlarıdır.
Onurğa beyninin iki əsas funksiyası vardır: reflektor və nəqledici funksiya. Reflektor funksiyası hərəkəti təmin edir. Onurğa beyni baş beyni ilə birlikdə daxili orqanların: ürəyin, mədənin, sidik kisəsinin, cinsiyyət orqanlarının işini tənzim edir.
Onurğa beyninin ağ maddəsi nəqledici funksiyanı yerinə yetirməklə mərkəzi sinir sisteminin bütün şöbələri arasında əlaqə yaradır və bunların bir-biri ilə əlaqəli şəkildə işləməsini təmin edir.
Beyin kötüyü. Uzunsov beyin. Onurğa beyni birinci boyun fəqərəsi sərhədində uzunsov beyinə və Varolio körpüsünə keçir. Ağ maddənin müxtəlif sahələrində boz maddə topluları körpüdə V-VIII, uzunsov beyində IX-XII cüt kəllə sinirlərinin nüvələrini əmələ gətirir. Ağ maddə isə uzunsov beynin aparıcı yollarını təşkil edir.
Uzunsov beynin əsas fizioloji əhəmiyyəti reflektor funksiyaların icrasından, onurğa beynindən gələn impulsların baş beyninin digər şöbələrinə və əksinə nəql edilməsindən ibarətdir. Onun reflektor fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Belə ki, onun normal fəaliyyəti hesabına orqanizmdə mühüm funksiyaların, o cümlədən, ürək-damar, tənəffüs və həzm orqanlarının işinin nizamlanması, skelet əzələləri tonusunun saxlanılması təmin olunur.
insan beyni və onun hissələriUzunsov beyində və Varolio körpüsündə bir sıra mühüm mərkəzlər yerləşmişdir. Burada tənəffüs mərkəzi yerləşir ki, karbon qazının qanda artması onun oyanmasına səbəb olur. Burada yerləşən azan sinirin nüvəsi parasimpatik sinirin mərkəzi daim oyanmış halda olur və ürək fəaliyyətinə ləngidici təsir göstərir. Əmmə, çeynəmə, udma, qusma mərkəzləri də burada yerləşir. Qusma mərkəzi reflektor və neyro-humoral yolla oyanır. Qusma aktı nəfəs verdikdə baş verir, bir neçə dəfə dərindən nəfəs aldıqda tormozlanır. Tər, gözyaşı ifrazı, asqırma, öskürmə mərkəzləri də buradadır.
Orta beyin. Orta beyinə böyük beyin ayaqcıqları və orta beyin qapağı aiddir. Boşluğunu isə beynin su kəməri təşkil edir. Orta beyində skelet əzələlərinə daim sinir impulsları göndərən nüvələr yerləşir, sinir impulsları həmin əzələlərin tonusunu (gərginliyini) təmin edir. Görmə və eşitmə, səs qıcıqlarına qarşı əmələ gələn oriyentasiya (səmtləşmə) reflekslərinin qövsləri də orta beyindən keçir. Bu reflekslər sayəsində biz başımızı və bədənimizi qıcığa tərəf çeviririk. Fəal qamətin saxlanılması reflekslərinin əmələ gəlməsində də orta beyinin böyük əhəmiyyəti vardır.
Beyincik. Uzunsov beyinin və Varolio körpüsünün üzərində yerləşir. Beyincik xaricdən boz maddədən əmələ gəlmiş qabıqla örtülmüşdür. Ağ maddə beyincik kütləsinin çox hissəsini təşkil edib, burada yerləşən afferent və efferent yolların hesabına baş beyninin digər şöbələri, dəri və əzələlərlə anatomik rabitə yaradır. Beyinciklə yarımkürələr arasında möhkəm ikitərəfli rabitə vardır. Bu rabitə hesabına beyincik iradi və qeyri-iradi hərəkət aktlarının koordinasiyasını (dəqiqliyini) tənzim edir. Bununla da skelet əzələlərinin tonusu, insanın bədən kütləsinin fəzada normal müvazinəti nizamlanır. Beyincik eyni zamanda orqanizmdə vegetativ funksiyaların nizamlanmasında bilavasitə iştirak edir.
Ara beyin. Görmə qabarlarından, qabarüstü, qabararxası və qabaraltı nahiyələrdən ibarətdir. Görmə qabarının alt hissəsində beyin ayaqcıqları arasında qabaraltı sahə — hipotalamus yerləşmişdir. Hipotalamusun aşağı sahəsinə xüsusi borucuq vasitəsilə daxili sekresiya vəzisi olan hipofiz birləşmişdir. Nüvələrdə əmələ gələn neyrosekretlər (vazopressin və oksitosin hormonları, mediatorlar) borucuq vasitəsilə hipofizə çatdırılır və onun fəaliyyətinə tənzimedici təsir göstərir. Bundan başqa, həmin yolla hipofizə baş beynindən sinir impulsları keçir. Beləliklə, baş beyni ilə daxili sekresiya vəziləri arasında qarşılıqlı anatomik və funksional əlaqələr yaradılır. Bütün duyğu orqanlarının reseptorlarından çıxan impulslar ara beyindən keçib yarımkürələr qabığına gəlir. Mürəkkəb hərəkət reflekslərinin çox hissəsi ara beyinlə əlaqədardır. Ara beyin maddələr mübadiləsinin, insanın qida və su qəbulunun, bədən temperaturunun daim bir qaydada olmasını tənzim edir.
Ön beyin. Sağ və sol yarımkürələrdən təşkil olunmuşdur. İnsanda beyin yarımkürələri daha çox inkişaf etmişdir. O, orta və ara beyinin üzərini örtür. Yarımkürələrin hər biri ağ və boz maddəyə ayrılır. Ağ maddə yarımkürələrin daxili hissəsini təşkil edir. Buradakı sinir lifləri qrupları yarımkürələrin qabığı ilə qabıqaltı şöbələr, görmə qabarı arasında və yarımkürələrin müxtəlif sahələri və ya iki yarımkürənin eyni sahələri arasında rabitə yaradır.
Böyük yarımkürələrin xarici təbəqəsini — beyin qabığını boz maddə təşkil edir. Burada baş beyinin ali mərkəzləri yerləşir. Bunlar qabığın hərəki, görmə, eşitmə, qoxu, dad və s. nahiyələrini əmələ gətirir.
Yetkin insanın beyin qabığının ümumi sahəsi orta hesabla 0,14-0,22 kv. metrə bərabərdir. Burada cəmi 14-18 milyard neyron vardır. Yarımkürələrin üzəri qırışıqdır. Hər yarımkürə şırımlarla alın, təpə, gicgah, ənsə paylarına bölünür Burada hissi və hərəki nahiyələr vardır. Duyğu orqanlarından, dəri, daxili orqanlar, əzələ və vətərlərdən gələn impulslar hissi nahiyəyə daxil olur. Bu nahiyələrin neyronları oyandıqda, müvafiq hissiyyat əmələ gəlir. Görmə nahiyəsi ənsə payında, arxada dəri-əzələ hissiyyatı nahiyəsi, təpə payında dad və qoxu nahiyəsi, mərkəzi şırımdan arxada hissi, öndə hərəki nahiyə yerləşmişdir.
Vegetativ sinir sistemi. Vegetativ sinir sisteminin fəaliyyəti vegetativ və trofik refleksləri əhatə edir. Vegetativ reflekslər vasitəsilə daxili orqanların fəaliyyəti müəyyən istiqamətdə dəyişilir. Trofik reflekslərin təsiri nəticəsində daxili orqanlarda və müəyyən qədər mərkəzi sinir sistemində maddələr mübadiləsi nizamlanır.
vegetativ sinir sistemi
Vegetativ sinir sistemi bütün daxili orqanları, qan damarlarını, eləcə də tər vəzilərini innervasiya edir. O biri digərinə əks istiqamətdə təsir edən parasimpatik və simpatik hissələrə bölünür. Baş beyninin qabıqaltı sahələrindən və onurğa beynindən başlanğıcını alan vegetativ sinirlərin lifləri əvvəl onurğa beyni boyu yerləşmiş periferik qanqlionlara daxil olur və burada yerləşən neyronlarla rabitə yaradır. Həmin neyronlardan başlanan sinir lifləri (aksonlar) bilavasitə işçi orqanlara çatdırılır. Daxili orqanlar vegetativ sinir mərkəzlərindən daim oyadıcı və ya tormozlandırıcı impulslar alır, bunun hesabına onların həyat fəaliyyəti avtomatik şəkildə tənzim olunur.
Sinir sisteminin fəaliyyəti. Orqanizm xarici mühitlə daim təmasda olub, onunla vəhdət təşkil edir. Xarici mühitin fasiləsiz təsirini duyğu orqanları qəbul edir və onlara qarşı orqanizmdə daim uyğunlaşma reaksiyaları yaranır. Hər hansı canlı strukturun (toxumanın, hüceyrənin və s.) qıcığa qarşı cavab vermək qabiliyyətinə qıcıqlanma qabiliyyəti, verdiyi cavaba bioloji reaksiya deyilir. Canlı toxumaya təsir edib, cavab reaksiyası törədə bilən amillər qıcıqlandırıcı və ya qıcıq, qıcığın toxumaya təsir göstərməsi prosesi isə qıcıqlanma adlanır. Qıcıqlar fiziki, kimyəvi və ya fiziki-kimyəvi ola bilər.
Sinir, əzələ və vəzi toxumaları qıcığa qarşı spesifik cavab vermək qabiliyyətinə malikdir. Qıcığın təsirindən sinir toxumasında elektrik impulsu əmələ gəlib, sinir boyunca nəql olunur, əzələ təqəllüs edir (yığılır), vəzi isə sekret hasil edir. Bunlara oyanıcı toxumalar deyilir. Oyanıcı toxumaların qıcığa qarşı verdiyi spesifik cavaba oyanma, belə cavab vermək qabiliyyətinə isə oyanma qabiliyyəti və ya oyanıcılıq deyilir.
Qıcığı reseptorlar qəbul edir və onların membranında impuls (oyanma dalğası) yaranıb, sinirlə nəql olunaraq, müvafiq mərkəzə çatdırılır.
Reseptora təbii şəraitdə təsir göstərən, yəni onun üçün spesifik olan qıcıqlara adekvat, toxunmanı qəbul etmək üçün uyğunlaşmadığı qeyri-spesifik qıcıqlara isə qeyri-adekvat qıcıqlar deyilir. Məsələn, gözün tor qişasının çöpcük və kolbacıqları üçün günəş spektrinin görünən hissəsinin şüaları adekvat qıcıqlardır. Hüceyrələr öz adekvat qıcıqlarına qarşı daha həssasdır.
Sinir sisteminin əsas anatomik vahidini təşkil edən neyronun (sinir hüceyrəsinin) fəaliyyətində reseptor funksiya, yəni xarici mühitdən qıcığı qəbul etmək qabiliyyəti, inteqrativ funksiya, yəni xarici mühitdən alınan informasiyanı təhlil etmək qabiliyyəti və effektor funksiya, yəni sinir impulslarını işçi orqanlara çatdırmaq qabiliyyəti ayırd edilir.
Bütün bu funksiyalar reflekslər şəklində icra olunur.
Xarici və daxili mühit amillərinə qarşı mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin verdiyi cavab reaksiyaları refleks adını daşıyır. Refleks qövsü aşağıdakı 5 hissədən ibarət olur:
1. Qıcığı qəbul edən reseptor.
2. Oyanmanı mərkəzi sinir sisteminə nəql edən hissi sınır.
3. Mərkəzi sinir sistemində oyanmanı təhlil edən sinir mərkəzi (neyron toplusu).
4. Sinir impulsunu işçi orqana çatdıran hərəki sinir.
5. İşçi orqan.